Toksikozlar və Hamiləlik çatları
Hamiləlik toksikozları hamiləlik vaxtı əmələ gələn və başa çatdıqdan sonra keçib gedən patoloji hallardan ibarətdir.
A) Erkən toksikozların ən çox təsadüf edilən forması qusmadır. Gün ərzində 10-15 dəfə təkrar olunan orta və ağır dərəcəli qusmalar isə həm qadın, həm də döl orqanizmi üçün təhlükəli hesab olunur. Ağız suyu ifrazının artması, dermatozlar, bronxial astma, hamiləlik sarılığı kimi toksikoz formalarına nisbətən az rast gəlinir.
B) Gecikmiş toksikozlara hamiləlik ödemi, nefropatiya, preeklampsiya və eklampsiya aiddir.
- Nefropatiya üçün ödemlər, hipertenziya və proteinuriyadan ibarət triada xarakterlidir. Nefropatiyanın ağır gedişatı preeklampsiya və eklampsiyaya keçə bilər. Nefropatiya dölün inkişafına mənfi təsir göstərir, döldə hipotrofiyaya və ya dölün bətndaxili ölümünə səbəb ola bilər.
- Preeklampsiya nefropatiya fonunda şiddətli başağrısı. Görmənin pozulması, qabırğaaltı nahiyyədə ağrı qeyd olunur. Müalicəsi neyropatiyanın ağır formalarında olduğu kimidir.
- Eklampsiya - huşun itməsi fonunda qıcolmalar. Ağır formalı nefropatiya və ya preeklampsiya fonunda inkişaf edir.
Həmçinin toksikozların aşağıdakı qrupları ayırd edilir:
- hamiləliyin ilkin dövrlərinin (birinci yarısının) toksikozları - qusma, arasıkəsilməyən qusma, ağız şirəsi ifrazının artması;
- hamiləliyin sonrakı dövrlərinin (ikinci yarısının) toksikozları - hamiləlik dövrünün şişkinlikləri (ödemləri - toxumaarası sahəsinə su yığılması, nefropatiya, eklampsiya);
- az təsadüf edilən formaları - dəri xəstəlikləri (dəri qaşınmaları), hamilələrin sarılığı.
Toksikoz hallarını yüngülləşdirmək üçün ümumi günlük qida normasından qaçınmayın, lakin daha kiçik hissələrlə tez tez yeyin. Otağınızı həmişə havalı saxlayın. Nanə yaxud zəncəfil yağından olan qarışım sizə yaxşı gələ bilər. Toksikozlarla mübarizənin ən effektiv yolu qaydasında olan psixoloji vəziyyətdir. Həm özünüz həmdə ətrafınızda olan yaxınlarınız bunun müvəqqəti hal olduğunu və hərşeyin keçəcəyini deməlidir. Yüngülləşən toksikozlar nə sizə, nədə körpənizə heç bir ziyan vurmadan ötüşüb gedəcək.
Hamiləlik çatları
Hamiləlik zamanı vücudda çəhrayı xətlər, çatlar yarana bilər. Bunlar hər qadında müxtəlif formada olur. Bu tamamilə orqanizmdən asılıdır. Amin turşuların nisbi çatışmazlığı şəraitində dermanın torlu qatı zəifləyir. Nəticədə dərinin elastikliyi və sərtliyi azalır, onun mexaniki dartılması zamanı kollagen və elastin lifləri cırılır, qüsurlar formalaşır, çapıq toxuması yaranır
- Doğuşdan əvvəlki tədbirlər: Bol miqdarda su içmək. A, C və E vitamini baxımından zəngin, proteinli qidalar yemək və idmanla məşğul olmaq, tərkibini bildiyiniz kremlərdən istifadə etməklə çatların yaranmasının qarşısını ala bilərsiniz.
- Doğum sonrası tədbirlər: Çatları aparan, dəri təzələyici kremlərdən istifadə edə və idman edə bilərsiniz.
Müalicə etməyin ən ideal yolu çatların qırmızı rəngdə olduqları zamandır. Tərkibində hyaluronik asid olan kremlərin 12 həftədən sonra istifadəsi faydalı olur. Dərinizi nəmləndirməklə çatların yaranmasını ən aza endirə bilərsiniz.
