Hamiləlikdə Anemiya
Bildiyimiz kimi anemiya qanazlığı da adlandırılır. Çox zaman, hamiləlik dövründə qadın dəmir defisiti anemiyası ilə üzləşir. Bu xəstəlik oksigenin orqan və toxumalara daşınmasına cavabdeh olan hemoqlobinin səviyyəsinin aşağı düşməsi ilə özünü büruzə verir.
Bunun da nəticəsi olaraq qırmızı qan hissəciklərinin – eritrositlərin miqdarı azalır. Bu xəstəlik ona görə təhlükəlidir ki, yüngül formada özünü heç nə ilə göstərmir.
Hamilə qadında anemiya şübhəsi dəri rənginin avazıması nəticəsində yaranır. Ona görə də müntəzəm olaraq qan analizlərinin aparılması böyük əhəmiyyət kəsb edir. Anemiyanın dölün inkişafına və doğuş prosesinə böyük təsir göstərdiyini nəzərə alsaq, artıq hamiləliyin ilk həftələrindən xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlər görmək vacibdir.
29 və 36-cı həftədə anemiya ən yüksək həddinə çatır. Çünki bu dövrdə hamilə qadın orqanizminin dəmirə tələbatı daha çox olur. Anemiyanın qarşısı alınmasa, hamiləliyin ikinci yarısında toksikozun inkişafı, vaxtından əvvəl doğuş riski meydana çıxa bilər.
Anada olan dəmir defisiti dölün bətndaxili inkişafı üçün də təhlükəlidir. Oksigen və qida maddələrinin çatışmazlığı yarandığı üçün döldə hipoksiya və hipotrofiya riski əhəmiyyətli dərəcədə artır. Bunun da nəticəsində uşaq zəif doğula bilər, yaxud da çəki azlığı, zəif immunitet, infeksion xəstəliklərə həssaslıq qeydə alına bilər. Anemiya qanın qatılaşma prosesinə mane olduğu üçün doğuş prosesində qanaxmanın çox olması müşahidə edilə bilər. Doğuşdan sonra anemiya müalicə olunmazsa qadında süd ifrazının azalması halları baş qaldırar.
Anemiya əlamətləri olaraq zəiflik, tez yorulma, dərinin quruması, baş gicəllənməsi, saçların tökülməsi, ürək döyüntüsünün artması aird edilir.
Belə anemik əlamətlərin yaranması qanda hemoqlobinin aşağı düşməsi, oksigen aclığının yaranması, həmçinin istehsal olunan enerjinin miqdarının azalması ilə əlaqədardır.
Anemiyanın qarşısını almaq məqsədi ilə mütləq hamilə qadının qida rasionuna heyvan və dəmir mənşəli qidalar əlavə edilməlidir. Bunların əsas mənbəyi ət, balıq, süd məhsulları və çiy meyvə-tərəvəzlərdir. Onların təsiri az olduqda həkiminiz tərəfindən dəmir tərkibli preparatlar təyin oluna bilər.
