Uşaqlıq artımlarının iltihabı
Uşaqlıq artımlarının iltihabı – yumurtalıq və uşaqlıq borularında gedən iltihabi prosesdir. Patologiyanın səbəbi uşaqlıq artımlarına daxil olan bakteriya və viruslardır.
Müayinə
Mikrofloranın bakterioloji müayinəsi və antibiotikoqramma, eləcə də uşaqlıq yolu, servikal kanal və sidik kanalından götürülən yaxmanın mikroskopik müayinəsi törədicinin növünü və onun titrini (konsentrasiyasi) təyin etməyə kömək edir. Bu məlumatlara əsasən kiçik çanaq orqanında gedən iltihabın ağırlıq dərəcəsini müəyyən etmək olar. Kiçik çanaq orqanlarının USM müayinəsində uşaqlıq artımlarının iltihabi törəmələri, onların lokalizasiyası (hidrosalpinks, piosalpinks) izlənilir.
Müalicə
Müalicənin əsas mərhələsini spesifik etiotrop terapiya təşkil edir. Uşaqlıq artımlarının iltihabının kəskin fazası zamanı müalicə stasionar şəraitində aparılır. Xəstəyə yataq rejimi, fiziki və psixi sakitlik, asan həzm olunan qidalar, sidik ifrazına nəzarət etməklə adekvat miqdarda su qəbulu təyin olunur.
Konservativ terapiyada həmçinin ağrıkəsici preparatlar, intoksikasiya əlamətləri və onların nəticələrini aradan qaldıran vasitələrdən istifadə olunur. Uşaqlıq artımlarının iltihabının irinli ağırlaşmaları zamanı cərrahi üsul tətbiq edilir.
