Hamiləliyin təyini və təqibi
Hamiləliyin təyini
İlk növbədə hamilə olub – olmadığınızın dəqiq təyini üçün həkiminizə müraciət etmək ən etibarlı yoldur. Çünki hər aybaşı gecikməsi hamiləlik ehtimalı demək deyildir. 1 həftədən çox gecikmə varsa yaxud aybaşı qanaması hər zamankından fərqli isə mütləq həkiminizlə görüşün. Bu zaman ənənəvi testlərə ehtiyac olmur. Vaginal ultrasəs müayinəsi ilə hamiləliyiniz dəqiq təyin edilir.
Lakin hər kəsin sosial həyatını nəzərə alsaq vaxt və digər səbəblərdən həkiminizlə görüşə bilmirsinizsə, ən sadə və ucuz üsul kimi apteklərdən rahat əldə edilə bilən hamiləlik testlərini qeyd edə bilərik. Evdə hamiləlik testi ən tez ovulyasiyadan sonrakı 8-9 gündə təyin oluna bilər. Satışda müxtəlif növdə testlər vardır. Buna görədə əldə etdiyiniz testin istifadə qaydasını düzgün oxuyub,əməl etməlisiniz.
- Tək xətt çıxarsa neqativ (yəni hamilə deyilsiz)
- İki xətt çıxarsa pozitiv (yəni hamiləsiz)
- İkinci xətt zəif görünürsə şübhəli olaraq dəyərləndirilir. (2-3 gün sonra təkrar yoxlanması məsləhətdir)
Hamilə qadının qanında qlükozanın miqdarını təyin etmək diabet riskinin və orqanizmin qlükozaya olan tolerantlığını müəyyən edir.
Hamiləliyin qan ilə təyini — Hələ yeni və çox kiçik hamiləliklər belə qan analizi zamanı aşkar oluna bilir. Hamilə olmayan bir qadında HCG səviyyəsi 0-5 mIU/ml dir. Mayalanmadan 7-12 gün sonra qanda HCG səviyyəsi normal səviyyədən yüksək olursa bu hamilə olduğunuzun göstəricisidir. Normal gedən bir hamiləlikdə HCG səviyyəsi 2 gündə 1.5 dəfə artmalıdır.
Hamiləliyin təqibi
Hamiləliyin təqibi dedikdə hamilə qadının məlumatları olan və hamiləlik müddətində müayinə və analizlərin verilməsi barədə həkim tərəfindən xüsusi hazırlanmış plana uyğunlaşma nəzərdə tutulur.
Birinci üç aylıq (1-12 həftə) — On iki həftəyə qədər hamilə qadın ən azı bir dəfə də olsun həkimin qəbulunda olmalıdır. Bu müddət ərzində birincili müayinənin nəticələri, verilən analizlərin cavabları, USM nəticəsi xəstəlik tarixçəsinə yazılır.
Növbəti iki həftə sonrakı müayinədə hamilə qadın bir çox müayinələrdən keçməlidir: qanın ümumi analizi, sidiyin analizi, uşaqlıq yolunda genital və gizli infeksiyaların yaxma vasitəsilə müayinəsi, qanda olan elementlərin və hemoqlobinin miqdarı, qanın laxtalanma qabiliyyəti və s.
İkinci üç aylıq (13-28 həftə) — Hamiləliyin ikinci üçaylığında hər ay həkim müayinəsində olmaq lazımdır. 16 həftəliyində uşağın ürək döyüntülərinə xüsusi stetoskopla qulaq asılır, uşaqlığın aşağı hissəsinin hündürlüyü, qarın dairəsini ölçülür, uşağın inkişafı müəyyənləşdirilir. 20-24 həftəliyində hamilə qadın USM müayinəsindən keçməli və döldə ürək qüsurlarının inkişaf etməsi, dölün vəziyyəti, yerləşməsi, cinsi, boyu və çəkisi müəyyən edilir. Bu dövrdə doppler müayinəsi vasitəsilə dölün qan dövranı qiymətləndirilir.
Üçüncü üç aylıq (29-40 həftə) — Hamiləliyin üçüncü üç aylığında həkimə getmək daha çox vacib sayılır. Bu zaman qadının çəkisinin dəyişikliyinə, təzyiqinə və qarnının ölçüsünə nəzarət edilir. 37-ci həftədə müayinəyə gələrkən hamilə qadında sidik analizinin cavabı mütləq olmalıdır. 38-ci həftədə doğum evinə təqdim etmək üçün qanda sifilis və hepatit viruslarının olması araşdırılır. USM ilə dölün yerləşməsi, uşaqlığın və uşaqlıq boynunun vəziyyəti aydınlaşdırılır. 40-cı həftədə hamilə qadın doğum evinə göndərilir və planlı doğuşa hazırlanır.
