Sidik qaçırma
Uro - ginekoloji xəstəliklərin profilaktikası, vaxtında diaqnostika və zamanında müalicə – bunlar hər bir kəs üçün olduqca mühümdür. Uro-ginekoloji əməliyyatlar sırasında günümüzdə olduqca aktual olan sidik qaçırma problemi də öz həllini tapır.
Qadınlarda sidik qaçırma dedikdə, bərkdən öskürmək, gülmək, asqırmaq zamanı, habelə hər hansı səbəb üzündən qarın və çanaq əzələlərinə güc, təzyiq düşdüyü zaman qadının özündən asılı olmayaraq sidik qaçırması nəzərdə tutulur.
Əsasən bu hal menopauza keçirmiş, 30 yaş üstü və artıq doğuş keçirmiş qadınlarda daha çox rast gəlinsədə, tək-tək hallarda gənc qızlarda da rast gəlinə bilər.
Sidik qaçırma həyat üçün təhlükəli bir hal olmasada çox ciddi psixi və emosional pozuntularla müşahidə olunur. Sidik qaçırma problem bir çox səbəblərdən yarana bilsədə, onların içərisində sinir sisteminin gərginliyi və həddindən artıq yorulma halları əsas yer tutur. Həmçinin ağır travmalı doğuşlar, artıq çəki, ginekoloji əməliyyatlar və yaşla əlaqəli hormonal dəyişikliklərdir.
Qadınlarda sidik qaçırmanın əsasən 3 növü rast gəlir:
- gərginlik - (stress) sidik saxlanmazlığı
- təcili - urgent sidik saxlanmazlığı
- qarışıq tip sidik saxlanmazlığı
Bunların patogenezləri bir-birindən fərqlənir. Belə ki, gərginlik sidik saxlanmazlığı (və ya sidik qaçırma) çanaq dibi əzələlərin zəifliyinin, təcili - urgent sidik saxlanmazlığı isə sidik kisəsinin yüksəlmiş - qeyri normal aktivliyinin nəticəsində baş verir. Qarışıq tip sidik qaçırma zamanı hər iki səbəb - həm çanaq dibi əzələlərin zəifliyi, həm də sidik kisəsinin yüksəlmiş - qeyri normal aktivliyi müşahidə olunur.
