Yumurtalıq kistləri
Yumurtalıq kisti qişası olan və içi maye ilə dolu kürəvari törəmədir. Yumurtalıqlarda bir və ya bir neçə (bir yumurtalıqda bir neçə kist) sayda kistlər olur.
Yumurtalıq kistləri hamıda eyni növdə deyil. Çox müxtəlif növlərdə hüceyrə saxlayan yumurtalıq orqanı toxuması, embrionik dövrdən başlayaraq bir çox hormonun təsiri altındadır. Buna görə hüceyrələr müxtəlif amillərin təsiri ilə böyüyə və kistləşə bilər. Kistlər daşıdıqları hüceyrə növünə bağlı olaraq hormon və ya ona oxşar maddələr ortaya çıxara bilirlər.
Əksər hallarda simptomsuz inkişaf edir, lakin qarnın aşağı hissəsində ağrı və diskomfort hissi, aybaşı funksiyasının pozulması, dizurik pozğunluqlarla (sidik kisəsinin sıxılması zamanı) təzahür edə bilər. Kəskin qarın simptomatikası və peritonitə səbəb olan kistanın ayaqcığının burulması, kapsulun cırılması ilə ağırlaşa bilər.
Funksional kist - hormonal sistemdə pozuntular zamanı yaranır. Bu kist növünə follikulyar və sarı cisim kisti daxildir. Hər ay yumurtalıqda bir və ya bir neçə follikul yetişir. Follikulyar kist follikul yetişib, ovulyasiya baş vermədikdə yaranır.
Dermoid kist - özündə döllənmə elementləri daşıyır. Döl inkişaf etmir, amma kistdə o elementLər yığılır. Belə kist zəif, amma daima böyüyür.
Endometriod kist - endometriya hüceyrələrinin təkcə uşaqlıqda yox, ondan kənara çıxıb, yumurtalığa düşməsi ilə yaranır. Belə kist hər ay menstrual tsikl boyunca böyüyür, heç vaxt sovrulmur və gələcəkdə onkoloji kistə çevrilmə ehtimalı var.
Sistadenoma -seroz və musinoz növü var. Bir və bir neçə kameralı olur. Potensial olaraq onkolojiyə cevrilir və yalnız cərrahi yolla, aşkar olunduqdan çox keçmədən götürülməlidir.
Yumurtalığın burulması zamanı ona gələn qan damarları da burularaq sıxılır, yumurtalığın qidalanması pozulur, gec müdaxilə olarsa yumurtalıq toxumasının nekrozu baş verər və yumurtalığı xilas etmək olmaz. Kistanın partlaması zamanı isə daxili qanaxma olur. Qanaxmanı bəzən dayandırmaq mümkün olsa da, xəstə nəzarətə götürülməlidir, cərrahi müdaxilə lazım ola bilər. Kistləri vaxtında aşkar etmək üçün əlamətlərini gözləmək olmaz. Hər kist əməliyyat tələb etmir. Qorxmadan vaxtaşırı USM və ginekoloq müayinəsindən keçmək lazımdır.
