Yumurtalıqların hipoplaziyası – qadın cinsiyyət vəzilərinin-yumurtalıqların anatomik və funksional cəhətdən inkişafdan qalmasıdır. Patologiya zamanı hipomenstrual sindrom və ya amenoreya, libidonun azalması, sonsuzluq müşahidə olunur. Xəstəliyin diaqnozu ümumi və ginekoloji müayinə, kiçik çanağın USM, hormonal analizlər, yumurtalıqların laparoskopik biopsiyası, kariotipin (xromosom yığımı) təyini ilə təsdiqlənir. Yumurtalıqların müalicəsi siklik hormonal terapiya ilə aparılır.
Yumurtalıqların qazanılmış hipolaziyası ontogenez zamanı, xüsusən uşaqlıq və ya pubertat dövründə əlverişsiz amillərin orqanizmə təsirindən yaranır. Xəstəliyin inkişafına cinsiyyət vəzilərinin iltihabı (ooforit, adneksit), hamiləliyin dayandırılması, qidalanma pozğunluqları (hipovitaminoz, anorksiya), xroniki intoksikasiyalar, uşaq infeksiyaları (parotit, məxmərək, qızılca, skarlatina və s.), angina, endokrinopatiyalar (hipofiz və hipotalamusun iltihabi zədələnmələri, hipofizin adenoması, prolaktinoma, hipotireoz və s.), radioaktiv şüalanma səbəb ola bilər. Az hallarda yumurtalıqların hipoplaziyası ananın patoloji hamiləliyi fonunda follikulyar aparatın bətndaxili zədələnməsi ilə əlaqədar olur.
Yumurtalıqların hipoplaziyasının rast gəlindiyi pasiyentlərdə aybaşı funksiyasının müxtəlif pozğunluqları - birincili, bəzən ikincili amenoreya, alqodismenoreya və ya hipomenstrual sindrom, anovulyator sikl müşahidə oluna bilər. Bu pozğunluqlar sonsuzluqla müşayiət olunur.
Yumurtalığın yırtılması
Yumurtalığın toxumasının qəfil yırtılması "yumurtalığın apopleksiyası" adlandırılır. Yumurtalığın apopleksiyası yumurtalıq parenximasına ovulyasiya dövründə follikulun və ya sarı cısmin partlaması ilə əlaqədar olan qanaxmadır. Bu zaman yumurtalıq toxumasının tamlığı pozulur və qarın boşluğuna qanaxma verir. Xəstəliyə ən çox 15-30 yaşlarında olan qadınlarda rast gəlinir.
Adətən sağ yumurtalığın yırtılması hallarına daha sıx rast gəlinir. Səbəbi odur ki, sağ yumurtalıq qanla daha çox təchiz olunur.
Bir çox hallarda apopleksiya qarın boşluğunda qanaxma ilə yanaşı kəskin ağrılarla da müşayiət olunur.
Xəstələrdə aşağıdakı əlamətlər özünü göstərir:
- ürəkbulanma
- qusma
- soyuq tər
- başgicəllənmə
- huşun itməsi
- selikli qişaların avazıması
- taxikardiya
- arterial təzyiqin düşməsi
- qarında köp.
Yumurtalığın yırtılması riski polikistoz yumurtalıqlar sindromu, yumurtalıqların kəskin və xroniki iltihablar, damar patologiyaları, qan xəstəlikləri, kiçik çanaqda bitişmələr, qarın nahiyəsinin travmaları, güclü fiziki gərginliklər (o cümlədən cinsi əlaqə, ağır yüklərin qaldırılması və daşıması, idman zalında məşqlər), güclü streslər zamanı artır.
Lakin adi vaxtda belə tam sağlam bir qadında da yumurtalıq yırtılması baş verə bilər. Bunun səbəbi orqanizmdə hipofiz hormonlarının (FSH, LH, prolaktin) həddən artıq yüksəlməsi ilə əlaqəlidir.
