Vaginal axıntılar
İlk olaraq bilməlisiniz ki, bütün axıntılar xəstəlik demək deyil. Normal qadının vaginası orda yerləşən kiçik vəzilər vasitəsi ilə islanmalıdır. Bu vəzilər sekret xaric edir ki, bu da vaginanın qurumamasını, pH-nın dəyişməməsini və uşaqlıq yolunda xəstəliklərin yaranmamasını təmin edir. Yəni ki, normal fizioloji axıntı qadınlar üçün əslində xeyirlidir. Lakin bəzi patoloji proseslərin xəbərçisi olan və normal olmayan vaginal ifrazatlar da vardır.
Normal olmayan vaginal axıntının səbəbləri:
- Qidalanma
- Cinsi aktivlik
- Dərman preparatlarının (antibiotik) qəbulu
- Stress
- Kontraseptivlərin qəbulu
- Menstrual tsiklin fazası
- Xəstəliklər
- İnfeksiyalar
- Gigiyena vasitələri (gel,sabun, bezlər)
Normal axıntı ağ rəngdə və ya açıq sarı rəngdə olur. İyi olmur və ya zəif iyli olur. Lakin axıntı tünd və narahatedici olsa , rəngi tünd sarı, yaşıl, qəhvəyi, köpüklü , kəsmikşəkilli və ya hərzamankı öyrəşmiş olduğunuz axıntıdan fərqli olsa, bu artıq patoloji axıntıdır.
Aybaşı tsiklinin 14-16-cı günlərində, ovulyasiya gedəndə qadınlardan şəffaf, yumurta ağına oxşayan, dartıldıqca uzanan axıntı gəlir. Bu da normal axıntıdır və ovulyasiyanın getdiyini göstərir. Xəstəliklərdə isə patoloji axıntıya səbəb olan infeksiyalar bətndəki dölün inkişafına mane ola bilər, hətda dölün düşməsinə səbəb ola bilər. Xəstəliklərdə ağ rənli axıntıya nisbətən sarı, qanlı və qəhvəyi ifrazatların olması normal sayıla bilməz. Əks halda dərhal ginekoloqun qəbuluna düşmək lazımdır, xüsusən də əgər ifrazatların tünd sarı rəngi vardırsa. Buna görə də vaxtında həkimə müraciət edib müalicə almağınız məsləhətdir.
