Salpinqoofrit
Salpinqoofrit uşaqlıq artımlarının iltihabıdır. Kiçik çanaq üzvlərində tez-tez rast gəlinən iltihabi xəstəlikdir. İnfeksiya uşaqlıq yolundan, boşluğundan, qalxan və enən yol ilə, bəzən də hematogen yolla uşaqlıq artımına keçir.
Uşaqlıq boşluğundan infeksiya uşaqlığın borusuna keçir, onun bütün qatları iltihabi prosesə cəlb olunur (salpinqit), eyni zamanda yumurtalıq (ooforit) və borular (salpinqooforit) infeksiyalaşır. İltihabi eksudat uşaqlıq borusunun mənfəzində toplanaraq, onun fimbrial hissəsinin yapışmasına, mənfəzinin daralmasına səbəb olur və nəticədə boru kisəciyəbənzər törəməyə çevrilir (saktosalpinge).
Xəstənin şikayətləri qarının aşağısında olan ağrılardan, hərarətin yüksək olmasından, üşütmədən, ürəkbulanmadan, qusmadan ibarət olur. Xəstənin dili nəm, ərpli olur, palpasiyada qarının aşağı hissəsi ağrılı olur.
Xəstəlik ikitərəfli və birtərəfli olur. Mikroorqanizmlər güclü patologiyaya malik olduqda orqanizmin müqaviməti aşağı düşür, uşaqlıq borusunun mənfəzinə irin toplanır. Mikroorqanizmlər yumurtalığın toxumasına daxil olaraq irinli boşluqlar yaradır ki, bu da uşaqlıq borusun yumurtalığa birləşən hissəsində şiş əmələ gətirir. İltihabi proses uşaqlıq borusundan və yumurtalıqdan kiçik çanağın peritonuna da yayıla bilər ki, bu xəstənin vəziyyətini daha da ağırlaşdırar. Artımlardakı iltihabi prosesi patogen və şərti-patogen mikroorqanizmlər yaradır, onlar müəyyən şəraitdə - ağrıverici olur.
Spesifik salpinqooforit aşağıdakı səbəblərdən yarana bilər:
- Qonokoklar;
- Vərəm çöpü;
- Difteriya bakteriyaları;
Qeyri-spesifik salpinqooforitə aşağıdakılar səbəb ola bilər:
- Xlamidiyalar;
- Mikoplazmalar;
- Stafilokokklar;
- Streptokokklar;
- Bağırsaq çöpləri;
- Göbələklər;
- Virus və digər mikroorqanizmlər.
Xəstəliyin yaranmasına şərait yaradan faktorlara Nizamsız intim həyat, İntim gigiyena qaydalarının pozulması, Stresslər, soyuqdəymə, uşaqlıqdaxili əməliyyatlar, infeksion xəstəliklər və appendektomiyanı misal göstərə bilərik.
