Uşaqlıq boynu eroziyası
Müayinə
Uşaqlıq boynunun müayinəsi kolposkopiya adlanan metod vasitəsilə aparılır. Bu zaman uşaqlıq boynu patalogiyaları zamanında müəyyənləşir və müalicəsi aparılır. Eroziyanın diaqnozu zamanı ilk öncə hədəfli biopsiya aparılır.
Müalicə
Uşaqlıq boynunun eroziyasının müalicəsi aşağıdakı prinsiplərə əsaslanır:
- Müalicəyə ehtiyacı olmayan anadangəlmə eroziyalar müşahidə altına alınmalıdır;
- Həqiqi və psevdoeroziyalar onları törədən və ya dəstəkləyən fon xəstəlikləri ilə birgə müalicə olunmalıdır;
Uşaqlıq boynunun müalicəsinin müasir üsullarının əsasını silindrik epitel hüceyrələrinin destruksiyası təşkil edir. Bu məqsədlə diatermokoaqulyasiya, lazer vaporizasiya, kriodestruksiya, radiodalğa üsullarından istifadə olunur.
- Diatermokoaqulyasiya toxumaların kifayət qədər qızmasına səbəb olan yüksək tezlikli elektrocərəyanın köməyilə dəyişilmiş toxumanın yandırılma üsuludur.
- Lazer vaporizasiya və ya uşaqlıq boynunun eroziyasının lazer şüası ilə «yandırılması» aybaşı siklinin 5-7-ci günündə həyata keçirilir. Lazer vaporizasiyadan əvvəl uşaqlıq yolu və boynu sanasiya olunmalıdır. Prosedur ağrısızdır, uşaqlıq boynunda çapıq əmələ gətirmədiyindən sonrakı doğuşların gedişini ağırlaşdırmır.
- Kriodestruksiya (kriokoaqulyasiya) azot oksidi və ya maye azotla uşaqlıq boynu eroziyasının toxumalarının dondurulmasına, destruksiyasına əsaslanır.
- “Surgitron” aparatı ilə uşaqlıq boynunun eroziyasının radiodalğa müalicəsi insanın fiziki olaraq hiss etmədiyi yüksək tezlikli elektromaqnit şüaları – radiodalğalarla patoloji ocağa təsir edilməsindən ibarətdir.
Uşaqlıq boynunun eroziyasının maliqnizasiyasına şübhə yarandıqda radikal cərrahi müalicə göstəriş sayılır. Yuxarıda qeyd olunan üsullardan biri ilə uşaqlıq boynunun eroziyasının sağalmasından sonra qadınlar ginekoloqun müşahidəsi altında olmalıdır.
